Ahəng qanunu

Sözdə eynicinsli saitlərin bir-birini izləməsi ahəng qanunu adlanır.

Ahəng qanunu dilimizin əsas fonetik qanunudur. Ahəng qanunu, əsasən, saitlərin ahəngi üzrə qurulur. Saitlərin ahəngi iki cür olur:

  1. İncə saitlərin ahəngi;
  2. Qalın saitlərin ahəngi.

Qalın saitlərin qalın, incə saitlərin incə saitləri izləməsinə damaq ahəngi deyilir. Dodaqlanan və dodaqlanmayan saitlər də qalın və ya incə olmaqla götürülür, yəni burada saitin yalnız qalın və ya incəliyi əsas sayılır. İncə saitlərin bir-birini izləməsi: üfüq, mənzərə, dünən, sədəqə, dəmir və s. Qalın saitlərin bir-birini izləməsi: adamlar, nağıl, uzaq, onlar, uzaqlarda və s. Dilimizdə məhdud şəkildə olsa da, dodaq ahəngi mövcuddur: üzüü, gurultu, külüng, özümüzü və s.

Ahəng qanunu kökşəkilçi arasında daha möhkəm və sabit olur. Belə ki, hər hansı bir sözə öz dilimizə məxsus şəkilçi artırsaq, o, mütləq sözün son hecasının ahənginə uyğunlaşmalıdır. Məsələn: dəftər+də, tələbə+lik və s. Köklə şəkilçi sözün morfoloji quruluşunu müəyyən edir. Ahəng qanunu isə köklə şəkilçi arasında nizamlayıcı amil rolunu oynayır. Deməli, ahəng qanunu fonetik hadisə olmaqla yanaşı, həm də morfoloji hadisədir. Məhz bu xüsusiyyətinə görə ahəng qanunu dilçilikdə morfonoloji (morfologiya və fonetikanı birləşdirən) hadisə sayılır.

Ahəng qanununun tələbinə görə milli şəkilçilər ya iki, ya da dörd variantlı olur. İkivariantlı şəkilçilər qalın və incə saitli olurlar: -ça, -çə, -lar, -lər. Dördvariantlı şəkilçilər isə qalın və incə, dodaqlanan və dodaqlanmayan saitli olurlar: -çı, -çi, -çu, -çü. e, ö, o saitləri şəkilçilərin yaranmasında iştirak etmirlər.

Dilimizdə ahəng qanunu sabit və möhkəm olsa da, bir qism sözlərimiz ahəng qanununa tabe deyil: ilğım, işıq, iları, inanc, ilıq, işartı, iraq, işıldamaq, ildırım, quzey, inanmaq və s. Bu sözlərin bir qismi əvvəllər y ilə başlandığı üçün indi dilimizin ahənginə uyğun gəlmir.

Bəyəndinizsə paylaşın:Share on Facebook1Share on Google+1Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 0 Çapa göndərmək Çapa göndərmək
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir