- Language Mag - https://language.az -

Omonimlər

Deyilişi və yazılışı eyni, lakin leksik mənaları müxtəlif olan sözlər omonimlər adlanır. Məsələn, «qaz balası» və «qaz iyi» ifadələrində fonetik tərkibi eyni olan qaz sözü müxtəlif leksik mənaları bildirir. Omoninlər bir-biri ilə heç bir əlaqəsi olmayan sözlərdir.

Omonimlər həm eyni nitq hissəsinə, həm də müxtəlif nitq hissələrinə aid olur. Məsələn, qaz, xal sözləri bütün mənalarına görə isim, yaş sözü isə bir mənasına görə sifət (yaş paltar), digər mənasına görə isə isimdir.

Omonimlik iki formada olur: leksik omonimlər, qrammatik omonimlər.

Leksik omonimlər belə omonimlər müxtəlif leksik mənaları ifadə edir. Haqqında danışdığımız omonimlər məhz leksik omonimlərdir: yaş, yol, daş, şam və s.

Qrammatik omonimlər leksik omonimlər kimi eyni cür yazılır, eyni cür tələflfüz olunur, lakin mənalarından biri əsas nitq hissəsi, digəri isə köməkçi nitq hissəsi olur. Bu sıraya həm söz, həm şəkilçi kimi işlənən sözlər də daxildir. Məsələn, – həm əvəzlik, həm bağlayıcı, həm də ədatdır. -ma2 – həm inkar şəkilçisi, həm də feldən isim düzəldən leksik şəkilçidir və s.

Dilimizdə zahirən omonimə bənzəyən, lakin omonim olmayan sözlər də var. Dilçilikdə belə sözlər omonimliyin müxtəlif formaları (omofon, omoqraf, omoform) olsa da, əsl leksik omonim kimi qəbul oluna bilməz.

Deyilişinə görə bir-birinə oxşar olan, lakin yazılışları fərqli olan sözlərə paronim deyilir. Məsələn, mətn – mətin, atlaz – atlas, şahid – şəhid, xeyir – xeyr və s.

Yazılışları eyni olan, lakin vurğunun yerinə görə fərqlənən sözlər omoqraf adlanır. Məsələn, səpin (isim) – səpin (fel), dondurma (isim) – dondurma (fel), dimdik (isim) dimdik (sifət – «dik» sifətinin çoxaltma dərəcəsi) və s.

Tələffuzü və yazılışı eyni, lakin kökləri və ya başlanğıc formaları fərqli olan sözlər omonim deyil. Məsələn, «daşı» sözü həm «Məhsulu daşı», həm də «Daşı götür» kimi işlənə bilir. Bu zahirən omonimə bənzəyir, lakin omonim deyil. Çünki birinci cümlədəki «daşı» sözü kök formasındadır, ikinci cümlədəki «daşı» sözü isə kök for- masında deyil, sözün kökü «daş», «ı» isə qıammatik şəliçidir.

Həm ümumi, həm də xüsusi ad kimi işlənən sözlər də omonim deyil. Məsələn, polad-Polad, çiçək- Çiçək, nərgiz – Nərgiz və s.

Dilimizdə ən çox işlənən omonimlər: al, an, aş, aşıq, at, ağrı, az, ay, bağ, bel, bənd, bal, biz, bez, bar, çat, çap, çal, çaxmaq, çən, çay, dad, daş, don, doğru, dolu, divan, düz, dar, dan, dam, din, en, əqrəb, əsər, gül, göy, hava, xal, iç, it, inci, kök, kürək, köç, qala, qat, qaz, qır, qız, qaş, qurd, qol, qan, ləpə, mürəkkəb, min, nəticə, ov, oxşamaq, saç, sol, sağ, say, şam, şan, şor, tala, tək, tut, top, uçmaq, üz, var, vağ, yaş, yad, yay, yar, yal, yan, yara, yaz, yol və s.

Omonimlər bəzi cəhətlərinə görə çoxmənalı sözlərə bənzəyir. Omonimləri çoxmənalı sözlərdən fərqləndirmək lazımdır. Çoxmənalı sözlərdə sözün müxtəlif mənaları bir- birilə bağlıdır. Omonimlərin mənaları arasında isə heç bir əlaqə yoxdur.

Dilimizdə bəzi sözlər var ki, həm omonimlik, həm də çoxmənalılıq xüsusiyyətinə malikdir. Məsələn, kök, qol, üz, bel, dolu, yay, tut, at, aş, az, yar, düz, at, boğaz və s.

İzahlı lüğətlərdə omonimlər ayrı-ayrı sözlər kimi verilir və onların üzərinə nömrələr qoyulur. Çoxmənalı sözlər isə mənaları sadalanmaqla bir söz kimi verilir. Məsələn:

bağ1 – meyvə ağaclan əkilmiş sahə
bağ2 – bir şeyi bağlamaq üçün ip, kəndir

qulaq:
1) eşitmə orqanı
2) bir şeyin kənarı (körpünün qulağı)

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.7/5 - (211 votes)