- Language Mag - https://language.az -

Ərəb dili – العربية

Ərəb dili (ərəb. اللغة العربية‎‎, ərəb. عربي‎‎) — Sami dillərinin Cənub qrupunun Şimal bölməsinə daxildir. Qohum dillərdən qədim tarixi, geniş yayılması, fonetik-qramatik və

Ərəb dilinin bayrağı
Ərəb dilinin bayrağı

leksik xüsusiyyətlərini bu günədək qoruyub saxlaması ilə fərqlənir. BMT-nin 6 rəsmi və işlək dilindən biridir. Zəngin samit sisteminə malikdir (velar, farinqal, larinqal samitlər). Sadə sait sistemi mövcuddur. Söz sırası bir qayda olaraq belədir: XMT (xəbər-mübtəda-tamamlıq).

Müasir ərəb ədəbi dili əhalisi birlikdə iki yüz milyona çatan ərəb ölkələrində dövlət dili kimi qəbul edilmişdir. Ədəbi dil ilə yanaşı, əhalinin danışdığı məhəlli (ölkələr üzrə) dialekt və şivələr də mövcuddur. Bunlar bir-birlərindən və habelə ədəbi dildən ciddi şəkildə fərqləndiyi üçün müxtəlif ölkə ərəblərinin bir-birini anlamaması, müvafiq hazırlığı olmayan ərəblərin isə çox zaman ədəbi dili başa düşməməsi adi hal hesab edilir.

Tarixi

Ərəb dili tarixən üç inkişaf mərhələsi keçmişdir: qədim (V əsrədək), klassik (V – XVIII) və müasir (XIX əsrdən indiyədək) ərəb dili kimi təmsil edilmişdir. Qədim ərəblər haqqında ilk yazılı məlumata hələ eramızdan əvvəl Assuriya şahı Sarqonun (715-ci il e.ə.) kitabəsində təsadüf edilmişdir. Qədim ərəb dili əsasən Suriya ərazisində tapılmış Lihyan, Əs-Səfa, Ən-Nəmarə, Zəbəd, Hərran və s. kitabələrdə əks olunmuşdur.

Əvvəllər müxtəlif məhəlli dialektlərdən ibarət olmuş qədim dilin sonrakı inkişaf mərhələsində ədəbi dil kimi formalaşmasında Qureyş (Məkkə) dialekti mühüm rol oynamışdır. Həmin dil islamdan bilavasitə qabaq, islam alimlərinin cahiliyyə adlandırdıqları dövrdə yaranmış şifahi poeziya nümunələrində və habelə çox qiymətli abidə hesab olunan Quranda artıq sabitləşmiş qramatik quruluşa və zəngin söz ehtiyatına malik ilk klassik ərəb dili kimi təsbit edilir.

Sonrakı inkişaf prosesində ərəb dili bir-birindən ketdikcə daha çox fərqlənən ədəbi dilə və dialektlərə ayrılır. Ədəbi dil yaranmaqda olan ərəb imperiyasında yazı dili kimi hələ də işlədilməkdə olan arami və yunan dillərini sıxışdıraraq, ümumimperiya yazı dilinə çevrilir və beynəlxalq əhəmiyyət kəsb edir.

Təqribən XIX əsrdən başlayaraq bu günədək klassik dil əsasında inkişaf etməkdə olan müasir ərəb dili öz sələfindən arxaizmlərin atılması hesabına lüğət tərkibinin xeyli məhdudlaşması, yeni məfhumları əks etdirən söz və ifadələrin yaranması, qramatik quruluşun daha da sabitləşməsi ilə fərqlənir.

Əlifba

Ərəb dilində 28 samitin və müxtəlif saitlərin olmasına baxmayaraq, ərəb əlifbasında yalnız 28 hərf vardır. Qısa saitlər və habelə həmzə samiti əlifbada təmsil edilməmişdir. Əlifbada müxtəlif vəzifələr daşıyan hərflər də vardır.

Qısa saitləri göstərən hərflər olmadığına görə yazıda sözlərin yalnız samitlərdən və uzun saitlərdən ibarət “skeleti” əks etdirilir. Yazını düzgün oxumaq üçün müvafiq qrammatik və leksik qaydaları qabaqcadan, həm də praktik şəkildə bilmək lazımdır.

Ərəb hərfləri əsasən sağdan sola yazılır və oxunur. Bu istiqamətə uyğun olaraq kitab, məcmuə və qazetdə sağdan sola tərtib olunur və səhifələnir. Bununla belə, ərəb hərfləri üfüqi, şaquli, maili, dairəvi və s. həndəsi şəkillərdə də olduğu üçün bəzən sağdan sola deyil, yuxarıdan aşağıya və ya soldan sağa da yazılır.

Latın və rus hərflərindən fərqli olaraq ərəb hərfləri təkcə əlyazmasında deyil, çapda da bir-birilə bitişdirici xətlər vasitəsilə birləşdirilir. Belə birləşmə nəticəsində hərflərin ilkin yazılışı (qrafikası) çox vaxt ciddi dəyişikliklərə uğradığı üçün hər hərf həqiqətdə müxtəlif şəkillərdə təzahür edir ki, bunlar əlifba cədvəlində, birləşməyən, soldan birləşən, sağdan və soldan birləşən və sağdan birləşən adları altında qruplaşdırılır.

Ərəb hərflərinin altısının (ﻭ,ﺰ,ﺮ,ﺪ,ﺫ,ﺍ) iki, qalanlarının isə dörd şəkli vardır. İkişəkilli hərflər soldan birləşmədikləri üçün II və III şəkilləri yoxdur.

Ərəb əlifbasında baş hərflər yoxdur. Ümumi adlardan fərqləndirmək üçün xüsusi isimləri bəzən dırnaq və ya mötərizə içərisində yazırlar.

Hərf birləşməsində hərflərin qrafikası dəyişdiyi üçün ərəb əlifbasında sözün hissələri bir sətirdən digərinə keçirilə bilməz: sətrin sonuna sığmayan söz bütünlüklə sonrakı sətrə keçirilir, sətrin sonunda qalan boşluq irəlidəki gəlmənin bəzi hərflərinin üfqi hissəsini və ya bitişdirici xətlərini uzatmaq yolu ilə doldurulur.

Qrammatika

Ərəb dili filektiv dillərə mənsubdur. Hər bir ilk qramatik forma əksər halda üç, bəzən də dörd samitdən ibarət olan kökə istinad edir. Kökdən daxili fileksiya yolu ilə müxtəlif formalı sözlər əmələ gətirilir. (Məsələn: hkm kökündən-hakim, həkim, hökm, ehkam, hikmət, məhkum, təhkim, möhkəm, mühakimə, məhkəmə, hökümət və s.)

İsim, sifət, say kimi ad qruplu sözlərin yalnız adlıq, yiyəlik və təsirlik halları, əsasən üçhallı ikihallı olmaq üzrə iki növ hallanması, iki qramatik cinsi (müzəkkər və müənnəs) və üç qramatik sayı (tək, təsniyə və cəm) vardır.

Ərəb dilində müxtəlif söz birləşmələri vardır. Bunların içərisində ərəb qrammatiklərinin izafət adlandırdıqları uzlaşmayan təyini söz birləşməsi ifadə etdiyi məna çalarlıqlarının çoxluğu və ərəb dilində geniş işlədilməsi ilə başqa söz birləşmələrindən xeyli fərqlənir. Burada xəbəri ad qruplu söz və söz birləşmələri ilə ifadə edilən ismi cümlələr də çox işlənir. Xəbəri mübtədadan əvvəl gələn cüttərkibli feli cümlələrdə xəbər daim təkdə olur.

Dialektlər

Müasir ərəb dili faktiki müstəqil dil hesab edilə bilən 5 dialektdən ibarətdir. Danışıq ərəb dili Ərəb dünyasında istifadə ədəbi baxımdan köklü fərqlənən müxtəlif növ ərəb dillərinin birgə terminidir. Dialektlərin arasında fərq ən çox ərəb yarımadasından kənardadır. Ərəb istilasından sonra ləhcələrin sayı xüsusilə artmışdır. Ən böyük dialekt fərqi qeyri misirli Şimali Afrika dialektləri arasındadır. Dialektlərə təsir etmiş əsas faktorlardan biri də, əvvəllər həmin ərazilərdə başqa dillərdə danışılmasıdır. Bəzi ərazilərdə hətta söz sırasıda fərqlənir.

Ərəb dilindəki əsas dialektlər aşağıdakılardır:

Misir dialekti

Masri dialekti kimi də tanınır. Misir dialekti Hami-Sami dillər ailəsinin Sami qoluna aiddir. Onun kökü paytaxt Qahirə ətrafında Nil deltasından gəlir. Dilə ən çox təsiri Kopt dili etmişdir. Daha sonralar türk, fransız və ingilis dillərinin də təsiri olmuşdur. Bütün Ərəb dünyası bu dialekti başa düşür. Misirdə 52 milyon insan bu dialektlə danışır. 24 milyon insanın isə ikinci dilidir. Livanlı müğənnilər öz mahnılarını bu dialektlə ifa edirlər. Misir dialektinin heç bir rəsmi statusu yoxdur. Klassik ərəb dili (Qurana əsaslanan ərəb dili) Misirdə rəsmi dildir.

Məğrəbi dialekti

Mərakeş, Əlcəzair, Saxara, Tunis və Liviyada 75 milyon insan bu dialektlə danışır. Yaxın Şərq ərəbləri çətinliklə bu dialekti başa düşürlər. Bu dialektə danışanlar öz dillərini ərəbcə dialekt mənasını verən Əddəricə adlandırırlar. Fransız müstəmləkəsi dövründə məktəblərdə başqa dil kimi tədris edilirdi. Fransız, ispan və italyan dillərinin bu dialektə təsirləri olmuşdur.

Mesopotamiya dialekti

Bu dialekt özü də iki yerə ayrılır. İraq dialekti və Şimali Mesopotamiya dialekti.

    İraq dialekti

İraq ərazisində danışılan bu dialektə özü üç yerə ayrılır (Bağdad, Mosul və Bəsrə dialektləri). Vaxtilə burada ərəbcə danışan yəhudilərin də öz dialekti olub. İraqda eyni zamanda qeyri ərəblər – kürdlər, farslar, türkmənlər, assurlar yaşayır. Bunların da dialektin formalaşmasında əhəmiyyətli rolu olmuşdur. İraqda, şərqi Suriyada və qərbi İranda 29 milyona yaxın insan bu dialektdə danışır.

    Şimali Mesopotamiya dialekti

Bu dialekt əsasən Bağdadın şimalında, uzaq şərqi Suriyada və şərqi Türkiyənin bəzi vilayətlərində danışılır. Orta əsrlərin İraq dialektindən törəmişdir və yəhudi dialektinin bəzi xüsusiyyətlərinə malikdir. 7 milyona yaxın insan bu dialektdə danışır.

Şami dialekti

Şərq dialekti də adlanır. Şərqi Aralıq dənizinin 100 kilometrlik sahili bu 35 milyon insan bu dialektdə danışır. Şami dialekti 6 müxtəlif dialektlərə ayrılır.

Körfəz dialekti

İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Oman, Yəmən, Qətər və Bəhreyndə 4 milyon insan bu dialektdə danışır.

Mənbə: az.wikipedia.org

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.7/5 - (3 votes)