
Bəzi cümlələrin tərkibində elə söz və söz birləşmələri olur ki, onlar qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmur və həç bir sintaktik vəzifə daşımır, heç bir suala cavab vermir. Bunlara xitab və ara sözlər aiddir.
Cümlədə söylənilən fikrin kimə müraciətlə deyildiyini bildirən söz və ya söz birləşməsi xitab adlanır.
Xitablar, əsasən, adlıq halda olan isimlərlə və ismi birləşmələrlə ifadə olunur. Xitab isimləşən söz və söz birləşmələri ilə də ifadə olunur. Məsələn, Şair, nə tez qocaldın sən? Yox olsun başından duman, Təbrizim. Mənim balam, ağlama, hər şey yaxşı olacaq.
Xitablar nitqdə özünəməxsus intonasiya ilə fərqlənir. Məsələn,
- Müəllim, sual vermək olarmı?
- Gördüklərini, Səməd, tələsmədən danış.
- Səndən ötəri çox darıxmışıq, nənə.
- Vəli dayı, mənim bu işdən xəbərim yoxdur.
Xitablar, əsasən, insana aid sözlərlə ifadə olunur. Lakin bədii dildə, şeirdə başqa canılara və cansız əşyalara da aid xitablar işlədilir. Məsələn,
- Baş alıb gedirsən ha yana, ceyran?
- Ölsün Ələsgər tək qulların, dağlar!
- Vətən! Sənin uğrunda ölümə gedərəm.
Xitablar ey, ay, a köməkçi vasitələrlə də işlənir. Məsələn, Ey insanlar, sözüm sizədir. Ay adam, kimsən? Səninləyəm, a bala, eşitmirsən?
Xitab ismin adlıq halında olduğu üçün mübtədaya oxşayır. Lakin onlar arasında fərq odur ki, xitab cümlədə müraciət bildirir, xüsusi intonasiya ilə deyilir və fasilə ilə cümlənindigər üzvlərindən ayrılır. Mübtəda isə cümlə üzvüdür. Xitablar quruluşca sadə və mürəkkəb olur. Sadə xitablar nitq hissələri ilə, mürəkkəb xitablar isə söz birləşmələri ilə ifadə olunur. Məsələn, Dost, hardan gəlirsən? Şöhrətin yayılıb hər yana, ceyran! -sadə xitablar; Azərbaycan əsgəri, hünərlə döyüş! Vətən oğlu, bu torpaq səndən çox hünərlər gözləyir – mürəkkəb xitablar.
Xitablar müxtəsər və geniş də ola bilir. Bir sözdən ibarət olan xitablar müxtəsər, I növ təyini söz birləşmələrindən ibarət xitablar isə geniş xitablardır. Məsələn, Qızarmış, sevgilim, al yanaqların – müxtəsər; Əziz dost, yalnız sənə güvənirəm – geniş.
Xitablar cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilir. Onların yerini dəyişdikdə cümlənin məzmununa xələl gəlmir. Cümlənin əvvəlində işlənən xitabdan sonra intonasiyadan asılı olaraq vergül və ya nida işarəsi, cümlənin ortasında işlənən xitabın hər iki tərəfində vergül, cümlənin sonunda işlənən xitabdan əvvəl vergül qoyulur.
Salam yaxşıdır
Salam Çox YAXŞIDIR
Salam yerli geldi yersiz qal cumlesinde xitab varmi cox xahis edirem mene bir soz deyin