- Language Mag - https://language.az -

Etimologiya. Lüğətçilik

Etimologiya sözü yunan sözü olub «etimon» və «logos»  hissələrindən ibarətdir. Dilçiliyin etimologiya şöbəsi sözün mənşəyindən, nədən yaranmasından bəhs edir. Etimologiya mənşə sözünün sinonimi kimi də işlənir. Dilimizdə bəzi sözlər vardır ki, qədim dövrlərdə yaranıb, bu gün isə dildə işlənir, ancaq indiki dövrdə onun lüğəvi mənası qavranılmır.Belə olan halda bu cür sözlərin mənşəyinin öyrənilməsi ilə etimologiya məşğul olur. Bu baxımdan «Arsak» sözünün etimologiysı səciyyəvidir:

Arsak indiki Qarabağın qədim adı olub. Arsak sözü indiki günümüzdə işlənmir, lüğət tərkibimizin indiki materiali ilə onu şərh etmək mümkün deyil. Etimoloji təhlil aşkar edir ki, bu yer adı iki hissədən ibarətdir:ar və sak. Sak qədim türk tayfalarından birinin adıdır. Ar isə ər sözünün fonetik cəhətdən dəyişməsinin, ahəng qanununun tələbi ilə sak sözünə uyğunlaşmasının nəticəsidir.Ər sözü qədim dilimizdə igid, cəngavər mənalarında olub. Beləliklə, həmin ərazidə yerləşmiş sak tayfası öz cəngavərliyi ilə səciyyələndiyi üçün bu yer Ərsak- Arsak adlanmışdır. Maraqlıdır ki, yerin  bugünkü adı Qarabağ da iki qədim sözdən ibarətdir: bağ və qara. Bağ qədim türk tayfasıdır, qara isə dilimizin keçmişində «böyük» mənasında  işlənib. Deməli, baqlar kəmiyyətcə çox və nüfuzca böyük olduğu üçün qarabaqlar adlanmışlar. Görünür bu ərazidə ərsaklarla qarabaqlar birləşmiş, qarabqlar üstünlük təşkil etdiyi üçün yer onların adı ilə adlanmağa başlamışdır. Yəqin burada  o cəhətin də rolu olub ki,   arsak sözü arxaikləşmiş,  insanlar qarabaq sözünü indiki anlayışda mənalandırmış və toponimi bildikləri məna ilə yaşatmışlar.

Lüğətçilik dilçiliyin təcrübi sahələrindən biridir. Bu bölmə lüğətlərin tərtib olunma,  yaranma prinsiplərini öyrənir. Lüğətlərin yaranması ilə məşğul olan mütəxəssis lüğətçi adlanır. Lüğətçilik ümumi dilçilikdə leksikoqrafiya, lüğətçi isə leksikoqraf adlanır. Lüğətçilik türk dilçiliyinin qədim tarixə malik olan sahələrindən biridir. XI  əsrdə Mahmud Kaşğarinin yazdığı lüğət – «Divanu lüğətit – türk» buna nümunədir. Bu lüğət bu gün də dünyada qiymətli abidələrdən  biri hesab olunur. Məhz bu lüğətə görə Mahmud Kaşğariyə « türkologiyanın bahadırı » deyilir. XIII – XIV əsrlərdə lüəətçilik tariximizdə Hinduşah Naxçıvani, Cəmaləddin ibn Mühənna, Hüsam Təbrizi kimi görkəmli şəxsiyyətlərin  böyük xidmətləri olmuşdur. XIX əsrdə isə lüğətçiliklə görkəmli alimlərdən biri, şəqşünas Mirzə Məhəmmədəli Kazım bəy məşğul olmişdur. XX əsrin əvvəllərində lüğətçilik artıq fəallaşmiş, inkişaf etmişdir.

Ensiklopedik lüğətlərdə həyatın, elmin müxtəlif sahələri haqda hərtərəfli məlumat verilir. Ümumi ensiklopedik lüğətlərdən başqa sadə ensiklopedik lüğətlər də yaranmaqdadır: ədəbiyyat ensiklopediyası, dilçilik ensiklopediyası.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.2/5 - (55 votes)