- Language Mag - https://language.az -

Söz yaradıcılığının əsas vasitələri

Sözyaradıcılığı dil haqqında elmin bir bölməsidir. Burada sözlərin hansı üsul və vasitələrlə yaranması öyrənilir.

Dilimizdə söz yaradıcılığı leksikqrammatik üsullara əsaslanır. Sadə sözlər leksik yolla, düzəltmə və mürəkkəb sözlər qrammatik yolla yaranır.

Sözlərin leksik yolla əmələ gəlməsi alınma sözlər, dialekt sözləri və çoxmənalı sözlər hesabına olur.

Hər bir dildə olduğu kimi, bizim dilimizdə də başqa xalqların (xüsusilə, ərəb, fars və rus) dillərindən alınmış çoxlu sayda sözlər vardır. Məsələn, futbol, maşın, kompyuter, kino, ibadət, mehriban, məktəb və s.

Bəzi dialekt sözlər zaman keçdikcə geniş yayılaraq lüğət tərkibinin ümumişlək sözünə çevrilir. Bu prosesdə xalqın söz ustalarının yaradıcılığı əsas rol oynayır. Məsələn, «sayrışan» sözü S.Vurğunun, «sırsıra» Rəsul Rzanın əsərlərindən ədəbi dilə keçərək ümumişlək sözlərə çevrilmişdir.

Bəzi sözlər çoxmənalı sözlərin törəmə mənalarından birinin getdikcə əsas mənadan uzaqlaşaraq yeni məna kəsb etməsi hesabına yaranır. Məsələn, qol – insanın bədən üzvü, qol — imza.

Söz yaradıcılığının əsas vasitəsi qrammatik üsuldur. Qrammatik üsulla sözlərin yaranması özünü iki şəkildə göstərir:

  1. Leksik şəkilçilər vasitəsi ilə yeni sözlərin yaranması (morfoloji üsul).

Dilimizdəki düzəltmə sözlər bu yolla yaranır. Məsələn, yanıcı, yanğın, yanğı, yanacaq, qaçış, qaçağan, qaçqın, başlı, başsız, başçı və s.

Leksik şəkilçilər sadə sözə artırıldığı kimi düzəltmə sözə də artırıla bilir və bu zaman yeni düzəltmə söz əmələ gəlir. Məsələn, üzümçü-lük, əkin-çi-lik, bağçı-lıq, vətənpər- vər-lik və s.

  1. İki və daha artıq sözün birləşməsi ilə sözlərin yaranması (sintaktik yol).

Mürəkkəb sözlər və ixtisarlar (mürəkkəb adlar) bu üsulla yaranır. Məsələn, dəvəquşu, əlüzyuyan, paltarasan, ayaqqabı, Azərnəşr, inturist, sambo, Azneft və s.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.4/5 - (16 votes)