Print

İşarə əvəzlikləri

3 Bəyənmə Şərh yazmaq

İşarə əvəzlikləri bunlardır: o, bu, elə, belə, həmin.

O, bu əvəzlikləri bir qayda olaraq sifətin yerində işlənir. Məsələn: o adam (hansı adam?), bu bina (hansı bina?), həmin məktub (hansı məktub?) və s.

O, bu əvəzlikləri işarə bildirdiyi kimi, əşyanı göstərmək üçün də işlədilir. Bu halda onlar sifətin deyil, ismin yerində işlənir, ismin suallarına cavab verir, hallanır, cəm şəkilçisi qəbul edir, cümlənin mübtədası, tamamlığı və ya xəbəri olur. Məsələn: Mənim bundan (ondan) (nədən?) xəbərim yoxdur. Sinifdə bundan (ondan) (kimdən?) yaxşı oxuyan yoxdur. Bunu (onu) (nəyi?) sənə kim dedi? Sənə dediyim adam budur (odur) (kimdir?).

O əvəzliyi yerinə görə həm şəxs, həm də işarə əvəzliyi olmaqla omonimlik xarakteri daşıyır. Şəxs əvəzliyi kimi kim? nə?, işarə əvəzliyi kimi hansı? sualına cavab verir. O əvəzliyi əgər hallanıbsa, cəmlənibsə, cümlədə mübtəda və tamamlıq olubsa, deməli, o, şəxs əvəzliyi kimi işlənib. Məsələn: Onlar birgə getdilər. O gəldi. Mən onu yaxşı bacarıram.

O əvəzliyi cümlədə təyin kimi işləndikdə hansı? sualına cavab verir, işarə əvəzliyi olur. Məsələn: O insan çox mehribandır. O qələm yaxşı yazır.

Cəmlənmək, hallanmaq, cümlənin mübtədası, tamamlığı olmaq o əvəzliyinin xüsusiyyətidir.

Bu əvəzliyi isə işlənmə yerindən asılı olmayaraq, həmişə işarə əvəzliyidir. Məsələn: Bu qız çox gözəldir. Bu yol çox genişdir. Bu insan qayğıkeşdir.

Bu əvəzliyi substantivləşə bilir. Bu zaman o hallanır, cəmlənir, mübtəda və tamamlıq olur.

O, bu əvəzlikləri mənsubiyyət şəkilçilərini qəbul etmir.

Mübtəda vəzifəsində işlənən o, bu əvəzliklərindən sonra fel (feli sifət istisnadır) və ya köməkçi nitq hissəsi (modal sözlər istisnadır) gəlmirsə, onlardan sonra vergül qoyulur, əks halda qoyulnıur. Məsələn:

O, yaxşı oxuyan şagirddir.
Bu, bizim evimizdir.
O gəlir.
Bu da belə getdi.

O, bu mübtədalarından sonra modal sözlər də işlənə bilər və bu zaman modal söz o, bu mübtədalarından hər iki tərəfdən vergüllə ayrılmalıdır. Burada vergül əvəzliyin yox, modal sözün tələbi ilə qoyıılur. Məsələn: O, əlbəttə, oxumalıdır. Bu, şübhəsiz ki, olacaq bir şey deyil.

O, bu əvəzlikləri cümlədə təyin olduqda onlardan sonra heç vaxt vergül qoyulmur.

Elə, belə əvəzlikləri həm sifətin, həm də zərfın yerində işlənə bilir. Məsələn: Belə (sifət) adamı qorumaq lazımdır. Işini elə (zərf) tut ki, peşman olma.

Elə, belə əvəzlikləri yalnız III şəxsdə mənsubiyyətə görə dəyişməklə həm hallana, həm də cəmlənə bilir. Bu əvəzliklər xəbərlik (şəxs) şəkilçisini qəbul edə bilir. Məsələn:

eləsi, beləsi, elələri, belələri, eləsinə, eləsinin, eləsini, eləsində, eləsindən, beləsinə, beləsinin, beləsini, beləsində, beləsindən, eləyənı, beləyəm, elədir, belədir, eləyik, beləyik və s.

Həmin işarə əvəzliyi isə sifəti əvəz etdiyi üçün hallanmır, cümlədə təyin olur. Bu əvəzlik ki şəkilçisini də qəbul edə bilər. Məsələn: həminki.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

İşarə əvəzlikləri
5 / 2 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: