- Language Mag - https://language.az -

Lügətlər və Müasir Tətbiqlər Vasitəsilə Söz Ehtiyatını Artırmaq

Hər bir dili öyrənmək üçün ilk əvvəl bu dildə ən çox istifadə olunan söz və ifadələri bilmək lazımdır. Buna görə də hər hansı bir dildə özünüzü sərbəst şəkildə ifadə etmək istəyirsinizsə, 3000-dən artıq söz və ifadə öyrənməyiniz məsləhətdir. Belə ki, ingilis dili beynəlxalq dil olduğu üçün hər gün demək olar ki, yeni ifadələr, sözlər yaranır. Bəs günü-gündən zənginləşən bu dili və onun lüğət tərkibini öyrənmək üçün nə etməliyik? Daha doğrusu hansı mənbələrdən yararlanmalıyıq?

Bu bloqun əsas məqsədi söz ehtiyatını lüğətlər vasitəsilə artırmağın yolları barədə oxuculara məlumat verməkdir. Əgər artıq hansısa bir lüğətdən yararlanmağa başlamısınızsa, ancaq oxuduğunuz sözlərin əksəriyyətini uzun müddət yadda saxlamaq çətindirsə, o zaman həmin sözü qeyd dəftərinə yazaraq, tez-tez nəzər yetirə bilərsiniz. Bu cür sözlərin işlək dil lüğətinizdə yer alması sizin üstünlüyünüzdür. Qeydlər etməklə müəyyən sözləri daha yaxşı vurğulamış olursunuz və bununla da beyniniz üçün həmin sözləri yadda saxlamaq daha rahat olur. Lakin çalışmaq lazımdır ki, öyrəndiyiniz bu yeni söz və birləşmələri gündəlik həyatınızda daha çox istifadə edəsiniz ki, işlək hala çevrilsin. Ən yaxşı yol isə köhnə söz ehtiyatını yeniləri ilə əvəz etməkdir. Bununla da bir növ əvvəlki söz bazanızı demək olar ki, unudaraq onları yeniləri ilə əvəz edirsiniz. Bu da öz növbəsində sizə peşəkar səviyyədə dili qavramaqda kömək edir.

Söz ehtiyatını artırmaq üçün hansı lüğətlər daha perspektivlidir?

İnternet və texnoloji yeniliklərin günü-gündən inkişaf etdiyini nəzərə alsaq, hər bir şəxsin özəl smartfonu var. Bu smartfonlara onlayn lüğətləri rahat şəkildə yükləmək mümkündür. Bununla da harda olmağınızdan asılı olmayaraq istənilən zaman lüğətlərdən istifadə edərək yeni sözlər öyrənə bilərsiniz. İndi isə söz ehtiyatınızı zənginləşdirəcək bir sıra faydalı lüğət saytlarını sizlərə təqdim edirəm.

Vocabulary.com

BBC Learning English

Confusing Words

Just The Word

Wordnik

Yuxarıda sadaladıqlarımın hər biri ingilis dili söz bazanızı artırmaq üçün faydalı ola biləcək ən yaxşı onlayn lüğətlər hesab olunur. İndi isə digər dillər üçün söz ehtiyatını artırmaqda sizlərə faydalı ola biləcək bir neçə saytdan danışacağam. Beləliklə, gəlin digər işlək dillərə məxsus bir neçə faydalı lüğətlərə nəzər salaq.

Babbel

RAE

DİLLBİLL

Lüğətlərdən öyrəndiklərimizi necə yadda saxlayaq?

Məlum olduğu kimi bəzi söz və ifadələri yadda saxlamaq hədsiz çətin bir prosesdir. Lakin bu cür yeni sözləri özümüzə uyğun bir şəkildə yadda saxlaya bilərik. Yeni öyrəndiyimiz sözləri gündəlik həyatımızda istifadə etmək, yaxud telefonun qeyd dəftərinə yazmaqla hər zaman nəzər yetirərək diqqət mərkəzində saxlamalıyıq. Nəticədə bir müddətdən sonra yadda qalır. Lüğətlərdə öyrəndiyiniz sözləri daha yaddaqalan etmək üçün müəyyən məqalə və kitablar da oxuya bilərsiniz. Tutaq ki, biologiyaya aid sözlər öyrənmisiniz, lakin çətin olduqları üçün yadınızdan tez çıxır. Bunun qarşısını almaq üçün təbii ki, həmin mövzuya aid məqalə və kitab oxusanız sizin üçün daha rahat yaddaqalan olar. Hətta öyrəndiyiniz yeni sözləri kiçik bir kağız parçasına yazaraq masanıza, yaxud soyuducunuza yapışdıra bilərsiniz. Təbii ki, hər dəfə bu sözləri görəcək və artıq bu hal davamlı baş verdiyindən sözlər yadınızdan çıxmayacaq.

Ümid edirəm ki, bu mövzuya toxunmağım sizin üçün də faydalı oldu. Əgər bloqu bəyəndinizsə, rəy bildirməyi unutmayın.[:]

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.1/5 - (16 votes)