- Language Mag - https://language.az -

Baş cümlədə əvəzloklərin rolu

Tabeli mürəkkəb cümlələrin baş cümlələrində bu, o, buna, ona, bunda, onda, belə, elə, o qədər, odur, budur, ondadır, bundadır, ora, bura, o zaman və s. sözlər – işarə əvəzlikləri işlənir. Bu sözlər budaq cümlənin növünün müəyyənləşməsində mühüm rol oynayır. Baş cümləsi birinci gələn tabeli mürəkkəb cümlələrdə işlənən həmin sözlər baş cümlədə hansı cümlə üzvü  vəzifəsindədirsə, demək budaq cümlə onun adı ilə bağlı olacaqdır. Əvəzlik qəliblər daha çox işarə əvəzlikləri ilə ifadə olunur. Məsələn, O yadımdadır ki, biz hələ o vaxt kənddə olurduq. Günay elə sevinirdi ki, elə bil ona dünyanı bağışlamışdılar. Mən də bunu bilirəm ki, yaşın ötür.

Misallardan göründüyü kimi, birinci cümlənin baş cümləsində o, ikinci cümlənin baş cümləsində elə, üçüncü cümlənin baş cümləsində isə bunu əvəzliyi işlənmişdir. O əvəzliyi baş cümlədə mübtəda vəzifəsində olduğu üçün budaq cümlə mübtəda budaq cümləsi, elə əvəzliyi baş cümlədə tərzi- hərəkət zərfliyi vəzifəsində olduğu üçün budaq cümlə tərzi – hərəkət budaq cümləsi, bunu əvəzliyi baş cümlədə tamamlıq vəzifəsində olduğu üçün budaq cümlə tamamlıq budaq cümləsi adlanır. Bu xüsusiyyətinə görə baş cümlədə işlənən əvəzliklərə əvəzlik- qəliblər deyilir.

Budaq cümlə baş cümlədə əvəzlik – qəliblərin məzmununu açır.

Bəzi hallarda baş cümlədə əvəzlik- qəlib işlənməyə   bilər, bu  zaman onları təsəvvür və bərpa etmək olur. Məsələn,  Bilmək istəyirəm ki, bunu niyə etdiniz – Onu bilmək istəyirəm ki, bunu niyə etdiniz.

Əvəzlik – qəliblər baş cümləsi birinci gələn tabeli mürəkkəb cümlələrin baş cümləsində işlənir. Məsələn, Qadın onda bildi ki, (nə zaman?) iş işdən keçib. İstədiyim odur ki, (nədir?) vaxtında gəlin. Mən bunu bilirəm ki, (nəyi?) sən ora getmək istəmirsən. Bu cümlələrdəki onda, odur, bunu  sözləri əvəzlik – qəliblərdir.

Budaq cümləsi baş cümləyə bağlayıcı sözlə bağlanan tabeli mürəkkəb cümlələrin baş cümləsində bir sıra əvəzliklər işlənir. Baş cümləsi ikinci gələn tabeli mürəkkəb cümlələrdə işlənən işarə əvəzliklərinə qarşılıq söz deyilir.  Bu cür tabeli mürəkkəb cümlələrdə budaq cümlənin növü  baş  cümlədəki qarşılıq sözün köməkliyi ilə müəyyənləşir.  Məsələn, Kimi  istəyirsən, onu gətir (kimi?) Necə istəyirsən, elə də  danış (necə?). Harada istəyisən, orada əyləş (harada?). Nə qədər tapşırıblarsa, o qədər al (nə qədər?). Bu cümlələrdəki onu, elə, orada, o qədər sözləri qarşılıq sözlərdir. Baş cümlədəki qarşılıq söz hansı cümlə üzvü yerindədirsə, budaq cümlə də onun adı ilə bağlı olur. Bu cümlələrdən birincidə işlənən onu qarşılıq sözü baş cümlədə tamamlıq yerindədir və budaq cümlə də tamammlıq budaq  cümləsidir, üçüncü cümlədəki orada qarşılıq  sözü yer zərfliyi yerindədir və budaq cümlə də yer budaq cümləsidir, nəhayət dördüncü cümlədəki o qədər qarşılıq sözü kəmiyyət zərfliyi yerində olduğu üçün budaq cümlə də kəmiyyət budaq cümləsidir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

3.7/5 - (7 votes)