Print

Almaniyada Bakalavr və Peşə Təhsili Haqqında

227 Bəyənmə 3 Şərh
[:az]xaricde tehsil, almaniyada tehsil[:]

Niyə məhz Almaniya?

Təbii ki, işəgötürənlər üçün bu cür keyfiyyətli təhsilə sahib olan işçilər daha önəmlidir. Elə buna görədir ki, Almaniya təhsili bütün dünyaya öz sözünü deyir. Almaniyada universitetlərin əksəriyyəti ödənişsiz bakalavr və magistr pillələri üzrə təhsil imkanları təklif edir. Burada yalnız semestr xərcləri tələbə tərəfindən ödənilir və normalda 100-300 avro arası dəyişir. Təhsil isə demək olar ki, pulsuzdur. Sadəcə bunun üçün alman dilini yüksək səviyyədə bilmək lazımdır. Beləliklə, bu təhsil dünyada tanınır. İstər maşınlarda, istərsə də təhsildə üzərində “Almaniya istehsalı” (“Made in Germany”) yazısı insanlar tərəfindən keyfiyyət nişanı kimi qəbul edilir. Almaniya xüsusilə elm və mühəndislik sahələrində təhsilinə görə çox məşhurdur. Tibb təhsiinə görə də Almaniya qabaqcıl ölkələrdən biridir. Hər il Azərbaycandan minlərlə tələbə tibb sahəsində təhsil almaq üçün Almaniya universitetlərinə müraciət edir.

Almaniyada Bakalavr və Peşə təhsili (Ausbildung və Studienkolleg)

Peşə təhsili Ausbildung üçün müraciət edənlərin sayı ilbəil artır. Bu proqram ikili təhsil sisteminə əsaslanır (Duale Ausbildung). Təlimin keçirildiyi ixtisaslar dövlət tərəfindən tənzimlənir (staatlich anerkannte Berufe) və təlimin özü yalnız məktəbdə nəzəri biliklərin əldə edilməsini (Berufschule) deyil, eyni zamanda müəssisədə praktiki bacarıqların əldə edilməsini də əhatə edir (Tätigkeit im Betrieb). Almaniyada hər il 600.000-dən çox Ausbildung işi təklif olunur. Tutaq ki, əgər siz hər hansısa müəssisədə bu proqramla təhsil alırsınızsa, o zaman həftədə 3 gün təcrübə, 2 gün isə nəzəri dərslər alacaqsınız. Oxuduğunuz sahə ilə əlaqəli işlə məşğul olmaqla bu işlə bağlı bilik və bacarıqlarınızı eyni zamanda artırmış olursunuz. Bəs bu təhsil hansı sferaları əhatə edir?

  1. bərbər;
  2. elektrik;
  3. mexatronika;
  4. satıcı;
  5. logistika və.s.

Belə ki, peşə təhsilini aldığınız zaman şirkətdən 700-1500 avro arası maaş alırsınız və bu maaş şirkətə və peşə sahəsinə görə dəyişir. Bəzən hətta siz peşə ixtisasınızı tamamladıqdan sonra həmin müəssisədə rəsmi işçi olaraq fəaliyyət göstərə bilərsiniz. Ausbildung proqramına müraciət etmək üçün nələr tələb edilir? Almaniyada Ausbildung etmək üçün attestat, minimum B2 səviyyəsində alman dili biliyi və şirkətin tələb etdiyi digər sənədlər lazımdır. Xarici ölkələrdən Ausbildung üçün müraciət etmək mümkündür, lakin yerli tələbələrə daha çox üstünlük verilir. Bu səbəbdən tələbatda olan peşələrə müraciət etmək sizin qəbul olma şanslarınızı artırır. Bu tələbatlı sahələrə xüsusi ilə: tibb bacısı, İT sahəsi, qocalar evində tibb işçisi və səhiyyə sistemində digər peşələr daxildir.

Studienkolleg

Almaniyada təhsillə bağlı ən çox verilən suallardan biri də Studienkolleq haqqındadır. Bunu universitetə qəbul üçün hazırlıq kimi də başa düşmək olar. Bəzi Avropa universitetlərində Foundation adlanan bu kimi hazırlıq kursu məhz Almaniyada Studienkolleg adlanır. Bu 1 illik hazırlıq kursunun məqsədi alman təhsil sistemi ilə uyğun olmayan ölkələrin şagirdlərini bakalavr qəbulu üçün hazırlamaqdan ibarətdir. Belə ki, azərbaycanlı tələbə 11 illik orta məktəb təhsilindən sonra Almaniyada bakalavr oxumaq üçün “Studienkolleg” variantından istifadə edə bilər. Burada tələbə istənilən sahədə yəni qəbul olduğu sahə ilə əlaqəli dərslər alır. Bu kursları T, M, W, G və S kimi qruplaşdırıblar. Buradakı T texniki, M tibbi, W sosial elmlər, iqtisadiyyat və biznes, G humanitar, S isə filologiya sahəsində bakalavr təhsili almaq üçün nəzərdə tutulmuş kurs formalarıdır. Dövlət xətti ilə bu proqrama müraciət etmək olmur. Namizəd yalnız universitet yolu ilə müraciət edə bilər. Studienkolleg-ə qəbul üçün alman dilini minimum B1 səviyyəsində bilmək tələb olunur. Ancaq bu çox aşağı göstərici hesab olunur. Bu baxımdan, tövsiyə olunur ki, B2 səviyyəsindən az nəticə ilə müraciət etməyəsiniz. Dil biliyi göstərən sertifikat (TesDaF və ya DSH və s.) mütləq olmalıdır.

İndi isə xərclərdən danışaq. Əvvəlcədən deyim ki, bu xərclər təhsil aldığınız müəssisənin yerləşdiyi vilayətdən asılı olaraq dəyişir. Almaniyada kolleclərin illik təhsil haqqı təxminən 400 euro-a qədər olur.

Magistr təhsili və PHD/Doktorantura təhsili

Məlum olduğu kimi, bakalavr təhsilini Almaniyada ala bilməyən bəzi tələbələr magistratura üçün yenidən öz şanslarını sınayırlar. Bunun üçün isə başlıca olaraq bəzi əsas faktorlar tələb olunur. Onlardan biri də təhsil almaq istədiyiniz sahəyə aid bakalavr diplomuna sahib olmağınızdır. Təbii ki, bu bakalavr diplomlarının hər biri Almaniyada keçərli deyil. Qabaqcadan Anabin portalı vasitəsilə diplomunuzun Almaniyada tanınıb tanınmadığına baxa bilərsiniz. Almaniyada magistr təhsili ixtisasdan və universitetdən asılı olaraq 2-4 semestr davam edir. Ali məktəblərin qəbul şərtləri ilə seçdiyiniz ali məktəbin rəsmi internet səhifəsindən tanış ola bilərsiniz. Siz Amaniyada iki dildə- həm ingilis, həm də alman dilində magistr təhsili ala bilərsiniz. Hətta magistr təhsilinizi tam maliyyələşdirən DAAD təqaüdünə də müraciət etmək şansınız var. Almaniya beynəlxalq doktorantlara və tədqiqatçılara mükəmməl tədqiqat imkanları təklif edir. Universitetlər və digər ali məktəblər, dövlət və özəl tədqiqat institutları, eləcə də Alman Tədqiqat Birliyi (DFG) və Alman Akademik Mübadilə Xidməti (DAAD) kimi böyük elmi dəstək fondları elm adamlarını iş yerləri və ya təqaüdlərlə təmin edirlər. Bundan başqa, tədqiqat yönümlü sənaye mərkəzlərində, kiçik və orta sahibkarlıq müəssisələrində də beynəlxalq tədqiqatçılar üçün maraqlı inkişaf imkanları mövcuddur. Bir çox müəssisələr tətbiqi tədqiqat və inkişaf üzrə universitetlər və tədqiqat institutları ilə yaxından əməkdaşlıq edirlər.

Təqaüd proqramları

DAAD təqaüd proqramı

Sizlər üçün təqaüd proqramlarını bakalavr,magistr və doktorantura təhsil pillələri üzrə qruplaşdırmışam. Azərbaycandan müraciət edən şəxslər üçün uyğun DAAD təqaüdləri mövcuddur. DAAD tələbə, məzun və alimlər üçün maliyyə imkanları təklif edir. İndi isə onlarla tanış olaq.

Almaniyada yay dil kursu təqaüdü. Bu kursa iki il bakalavr təhsili oxuyan, lakin sonuncu kurs olmayan tələbələr müraciət edə bilər. Birinci kurs magistr tələbələri də hətta müraciət edə bilər. Bu təqaüdün maliyyələşdirdiyi sahələr dil, ixtisas və ya ölkəşünaslıqla bağlıdır. Təqaüdün ümumi miqdarı birdəfəlik 1575 € (kurs seçimindən asılı olmayaraq) olaraq müəyyənləşib. Bu kurslar 3-4 həftə ərzində baş tutur.

EPOS  İnkişaf siyasəti ilə bağlı ixtisaslar üçün magistr təqaüdü hesab edilir. Bu təqaüd məzunlar üçün nəzərdə tutulub. Ona müraciət etmək üçün məzunlardan ən azı 2 il iş təcrübəsi tələb olunur. Təqaüd ixtisasdan asılı olaraq 1 ildən 3 ilə qədər davam edir. Bu proqramın qarşıladığı xərclərə aşağıdakılar daxildir: aylıq təqaüd, sığorta xərcləri, səyahət xərcləri. Müraciətinizi isə sadəcə birbaşa olaraq seçdiyiniz universitetə edirsiniz.

-ERP İqtisadiyyat sahəsi üzrə magistr təqaüdüdür. Təqaüdə sadəcə təhsilin sonuncu kursunda oxuyan tələbələr və ali məktəb məzunları müraciət edə bilər. Bu təqaüd sadəcə ali məktəblərdəki iqtisadiyyatla bağlı ixtisasların maliyyə xərclərini qarşılamaqla yanaşı, aylıq 850 € təqaüd, sığorta xərcləri, səyahət xərclərini də qarşılayır. Həmçinin məzunlara əlavə ödəniş də verilir. Bu proqram 18-24 ayı əhatə edir.

-Həmçinin incəsənət, memarlıq dizayn və musiqi ixtisaslı məzunlar üçün təqaüd imkanı var.

Ümid edirəm ki, bu məqalə sizin üçün faydalı oldu. Bloqu bəyəndinizsə, rəy bildirməyi unutmayın.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.1/5 - (10 votes)

Digər maraqlı məqalələrimiz

loading...

3 comments

  1. Salam menim adım ümid men sizdən söz soruşumaq istiyirsem men 9 da və peşə təhsili oxuyan tələbəyəm Almaniya gəlsəm men çölde qalmacam yoxsa dövlət özü bəzi xərclərimi qarşılayacaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: