Print

IELTS və TOEFL imtahanlarının bilmədiyiniz fərqləri nədir?

15 лайков Şərh yazmaq

Hər fərqli dil dünyaya açılan fərqli bir pəncərədir. Bu günlərdə isə dünyaya açılmaq üçün istifadə edilən dillərin başında ingilis dili gəlir. Əgər xaricdə təhsil almaq, iş tapmaq, müəyyən tədbirlərdə iştirak etmək və s. istəyirsinizsə, ingilis dilini öyrənməli və öyrəndiyinizi də təsdiq etməlisiniz. Bəs öyrəndiyimizi necə təsdiq edirik? Əlbəttə ki, dil sertifikatları ilə. Əgər mövzu ingilis dilidirsə, dünyada ən çox qəbul edilən iki dil sertifikatı var. Başlıqdan da bəlli olduğu kimi bunlar hər il milyonlarla insanın girdiyi IELTS və TOEFL-dir.

IELTS və TOEFL haqqında ümumi məlumat

Gəlin imtahanların strukturu, eynilikləri və fərqlərindən bəhs etməzdən əvvəl bu iki imtahan barəsində ümumi məlumatlanaq. IELTS (ing. International English Language Testing System) Beynəlxalq İngilis Dili İmtahanı Sistemi mənasına gəlir. TOEFL (ing. Test of English as a Foreign Language) Xarici Dil kimi İngilis Dili Testi mənasına gəlir. IELTS sistemi British Council, IDP və Cambridge Assessment English qurumlarına aiddir. IELTS 10,000-dən çox təşkilat, universitet və digər qurumlar tərəfindən rəsmi şəkildə tanınır və qəbul olunur. TOEFL sistemi isə ABŞ-ın Təhsil Test Xidməti adlı  (ing. Educational Testing Service) şirkətinə məxsusdur. TOEFL 150-dən çox ölkədə 11,000-dən çox universitet və institut tərəfindən qəbul olunur. TOEFL imtahanları dünyanın 80 ölkəsində keçirilir. IELTS testləri isə 121 ölkədə təşkil edilir.

IELTS və TOEFL sistemlərinin eyni və fərqli cəhətləri

Əvvəla IELTS Britaniya markası olduğu üçün sistem ingilis dilinin britaniya variantı əsasında formalaşıb, TOEFL isə əksinə Amerika markası olduğu üçün amerikan variana əsasən formalaşıb. IELTS imtahanı həm kağız üzərində, həm də elektron formada keçirilir. Doğrudur, TOEFL sisteminin də kağız üzərində imtahan formatı var, lakin əksər hallarda elektron əsasda keçirilir. IELTS imtahanın iki forması mövcuddur: işləmə və miqrasiya üçün IELTS Ümumi (ing. IELTS General), xaricdə təhsil almaq üçün IELTS Akademik (ing. IELTS Academic). TOEFL isə bir qayda olaraq akademik formatda hazırlanır. İmtahanın hissələri hər iki sistemdə də eynidir. Yəni, hər ikisi oxu (ing. reading), yazı (ing. writing), danışıq (ing. speaking) və dinləmə (ing. listening) bölmələrindən ibarətdir.

TOEFL-də imtahanın 4 hissəsi də 1 gün ərzində keçirilir. İmtahanın oxu hissəsi üçün 54-72 dəqiqə arası, yazı hissəsi üçün 50 dəqiqə, dinləmə hissəsi üçün 41-57 dəqiqə arası, danışıq hissəsi üçün isə 17 dəqiqə vaxt verilir. IELTS-də isə proses nisbətən fərqlidir. İlk öncə onu qeyd edim ki, danışıq imtahanının forması kağız üzərində, yoxsa elektron əsaslı seçməyinizə görə dəyişə bilir. Belə ki, kağız üzərində formatını seçmisinizsə, imtahanı sizdən üzbəüz şəkildə bir məsul şəxs götürəcək, əgər elektron əsaslı formatı seçmisinizsə, imtahanı kompüterdə verəcəksiniz. İmtahanın oxu, yazı və dinləmə hissələri bir gündə keçirildiyi halda, danışıq hissəsini 1 həftə əvvəl və ya 1 həftə sonra tamamlaya bilərsiniz. İmtahanın oxu və yazı hissələri üçün ayrı-ayrı 60 dəqiqə, dinləmə hissəsi üçün 30 dəqiqə, danışıq hissəsi üçün isə 11-14 dəqiqə arası vaxt verilir.

İştirakçıların ümumi nəticəsi IELTS sistemində 0-9 bal arası, TOEFL sistemində isə 0-120 bal arası qiymətləndirilir. IELTS imtahan balları hər hissə üçün 0-9 şkalası ilə ölçülür və daha sonra rəqəmlər toplanır və 4-ə bölünür. TOEFL hissələri üçün maksimal bal 30-dur. Yekunda hissələrin balları toplanılır. TOEFL həftədə 1 dəfə, IELTS isə həftədə 3 dəfə keçirilir. TOEFL imtahanına giriş qiyməti 332 AZN, IELTS isə 335 AZN-dir. Hər iki sertifikatın etibarlılıq müddəti 2 ildir. TOEFL imtahanını 1 aydan sonra, IELTS imtahanını isə 3 aydan sonra yenidən verə bilərsiniz. İmtahan suallarının konteksti ilə tanış olmaq üçün hər iki imtahan sisteminin saytlarına nəzər sala bilərsiniz.

  1. https://www.ielts.org/
  2. https://www.ets.org/toefl

IELTS yoxsa TOEFL?

Bu suala cavab vermək üçün ilk öncə sizin bu sertifikatı niyə istədiyinizi dəyərləndirmək lazımdır. Adətən hər iki sistemin sertifikatı bir çox universitet və qurum tərəfindən qəbul olunur, lakin istisna hallara da rast gəlinir. Buna görə də təqdim edəcəyiniz qurum və ya universitetdən hansı sertifikatın keçərli olduğunu dəqiqləşdirin. Seçimdə qiymətləndirəcəyiniz digər faktor isə imtahanın formatıdır.

Əgər kağız üstündə yazmaq sizin üçün daha rahatdırsa, sürətli və aydın yaza bilirsinizsə və kompüterə danışmaqdansa insanla danışmağı üstün tutursunuzsa, IELTS imtahanı sizin üçün daha uyğundur. Yox, əgər kompüterdə yazmaq sizə daha rahatdırsa və tanımadığınız insanla danışmaqdansa kompüterə danışmağı üstün tutursunuzsa, o zaman TOEFL imtahanını sizin üçün daha uyğundur. Həmçinin, IELTS sisteminin ümumi formatı (işləmə və miqrasiya üçün nəzərdə tutulan) onu seçməyinizə də səbəb ola bilər. Çətinlik səviyyələrində isə heç bir fərq yoxdur. Yəni, əgər, eyni zamanda hər iki imtahanda iştirak etmisinizsə iki nəticənizin arasında böyük bir fərq olmaz.

Və son olaraq onu qeyd etmək istəyərəm ki, dil bir ulusun aynasıdır. Əgər bir ulusu anlamaq istəyirsinizsə, onun dilini öyrənin.

Вам может понравиться

loading...

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *