Print

Zərflik. Zaman zərfliyi

156 Bəyənmə 3 Şərh

Zərflik cümlənin ikinci dərəcəli üzvü olub, hərəkəti və ya əlamətin meydana çıxmasını müxtəlif cəhətlərdən izah edir.

Zərflik, əsasən, zərflərlə – tərzi – hərəkət, zaman, yer, miqdar zərfləri ilə fadə olunur. Məsələn, Səlim dayı sakitcə öz işini görürdü. O,bura səni görməyə gəlib. Atası buralara çoxdan bələd idi. O, hələ çox yaşayacaq.

Zərflik yer, zaman mənalı isimlər, feli bağlama və s.  qoşmalarla işlənən isim və məsdər, sual əvəzlikləri və s. ilə də ifadə olunur. Məsələn, O, uşaqları məktəbə yola saldı. Sən bura niyə gəldin? O, ağlamamaq üçün özünü güclə saxlamışdı.

Zərfliklər quruluşca sadə və mürəkkəb olur. Nitq hissələri ilə ifadə olunan zərfliklər sadə, ismi və feli birləşmələrlə ifadə olunan zərfliklər isə mürəkkəb zərfliklərdir. 

İsim, feli bağlama və s. ilə ifadə olunan zərfliklər də quruluşca sadə zərfliklərdir.

Zərfliklər, əsasən, feli xəbərə aid olur. Ona yanaşma əlaqəsi ilə bağlanır. Zərfliklər feli xəbərə aid olduqda həmin hərəkətin meydana çıxmasını müxtəlif cəhətlərdən izah edir. Bəzən isə zərfliklər ismi xəbərə də aid olur. İsmi xəbərə aid olduqda əlamətin meydana çıxdığını izah edir.

Zərfliyin aşağıdakı məna növləri vardır:

  1. Tərzi-hərəkət zərfliyi
  2. Zaman zərfliyi
  3. Yer zərfliyi
  4. Kəmiyyət zərfliyi
  5. Səbəb zərfliyi
  6. Məqsəd zərfliyi

Tərzi-hərəkət zərfliyi hərəkətin, işin icra tərzini bildirir. Tərzi- hərəkət zərfliyi tərzi hərəkət zərfləri, feli bağlama, feli bağlama tərkibi, qoşmalı söz və söz birləşmələri ilə ifadə olunur və necə? nə cür? nə tərzdə? nə vəziyyətdə? suallarından birinə cavab verir. Məsələn, Maşın sürətlə sola buruldu. Akif yaxşı oxuyur. Qonşum diktor kimi  danışırdı. Dovşan qaça – qaça gözdən itdi. O, paltosunun ətəyini yığıb əyləşdi. Pis günlər bir gecənin  yuxusu kimi unuduldu. O, gözlərini işıqlı pəcərədən çəkmədən gəzindi.

Tərzi- hərəkət zərfliyi ilə təyin formal cəhətdən bir-biri-nə oxşayır. Lakin təyin  isimlə ifadə olunan cümlə üzvlərinə aid ola bildiyi halda, tərzi-hərəkət zərfliyi isə ancaq xəbərə aid olur. Digər tərəfdən təyin necə? nə cür? sualı ilə yanaşı hansı? sualına da cavab olur, tərzi hərəkət zərfliyi isə hansı? sualına cavab olmur.

Zaman zərfliyi xəbərin ifadə etdiyi hərəkətin baəlanma, davam etmə və bitmə vaxtını bildirir, nə vaxt? nə zaman? haçan? nə vaxtadək? nə zamanadək? nə vaxta kimi? nə vaxta qədər? suallarından birinə cavab olur.

Zaman zərfliyi zaman zərfləri, zaman mənalı isim, feli bağlama, feli bağlama tərkibi, söz birləşmələri ilə ifadə olunur. Məsələn, Dünən hamı burada idi. Fasilədə səni gözləyəcəm. Qayıdanda məni görərsən. O, mənimlə üz-üzə gələndə başını aşağı saldı. Toplar, tüfənglər gəcəyarı susdu. Hər dəfə süfrə açılanda padşah vəzirdən  xörəyin dadını soruşardı. Gələn kimi o, Sultanı bağrına basdı.

Yer zərfliyi hal və hərəkətin yerini bildirir, hara? haraya? harada? haradan? suallarından birinə cavab verir.

Yer zərfliyi yer zərfləri, yer mənalı isimlər və ismi birləşmələr, qoşmalı söz və söz birləşmələri, bəzi sual əvəzlikləri ilə ifadə olunur. Məsələn, Burada çoxlu adam toplaşıb.O, yayda kəndə getmişdi. Qartal dağın zirvəsində yuva qurmuşdu. İslam harada yaşayır?

Kəmiyyət zərfliyi iş və hərəkətin kəmiyyətini  bildirir, nə qədər? nəçə dəfə? suallarına cavab verir. Kəmiyyət zərfliyi bəzən hal və ya əlamətin dərəcəsini də bildirir. Bu zaman nə dərəcə? nə dərəcədə? sualların a cavab verir.

Kəmiyyət zərfliyi, əsasən, miqdar zərfləri ilə, miqdar sayları: dəfə, yol, qat, metr, kilometr, addım və s. ilə ifadə  olunur. Məsələn, O, xeyli düşündü. Gəmi bir neçə dəfə fit verdı. Hovuzun suyu yarım metr enmişdi.

Səbəb zərfliyi hal və hərəkətin yaranmasənən səbəbini bildirir, niyə? nə üçün? nəyə görə? nədən ötrü? nə səbəbə? suallarına cavab verir. Səbəb zərfliyi, əsasən, üçün, ötrü, görə qoşmalarının artırıldığı sözlər və birləşmələrlə, sual əvəzlikləri, feli bağlama, feli bağlama tərkibləri və  ismi birləşmələr, çıxışlıq  hal  şəkilçisi artırılmış isimlər və məsdərlərlə ifadə olunur. Məsələn, Soyuqdan əllərim donmuşdu. Dostum kəndə getdiyi üçün məktəbə gəlməmişdi. Bu çiçəklərin ətrindən başım ağırlaçır. Sən özündən niyə çıxmışdın?

Səbəb zərfliyinin ifadə etdiyi iş xəbərdəki işdən əvvələ aid olur.

Məqsəd zərfliyi  hərəkətin  məqsədini bildirir, nə  məqsədlə? nədən ötrü? nəyə görə? niyə? suallarına  cavab verir. Məqsəd zərfliyi bəzi isimlərlə, sual əvəzlikləri, ismi birləşmələrlə, yönlük halda işlənmiş, məsdər və üçün, ötrü qoşmaları ilə işlənmiş məsdər tərkibləri ilə ifadə olunur.

Məsələn, Biz bura şənlənməyə  gəlmişik. Kəndə nə məqsədlə getmişdin? Dostuma kömək etmək üçün onun yanına tələsirdim? Dostuma kömək etmək üçün onun yanına tələsirdim. Kəkliyi yoxlamaq məqsədilə günaşırı yuvaya baxmağa gedirdim, yenə yem gətirmək üçün yuvasından aralandı.

Məqsəd zərfliyi səbəb zərfliyinə oxşasa da, onlar arasında fərali cəhətlər də var. Səbəb zərfliyindəki iş, hərəkət xəbərdəki işdən əvvələ aid olur. Yəni  səbəb zərfliyindəki iş, hərəkət səbəbi, xəbərdəki iş, hərəkət  isə onun nəticəsini bildirir. Məqsəd zərfliyində isə belə deyil. Məqsəd zərfliyindəki iş, hərəkət xəbərdəki işdən sonra aid olur.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.5/5 - (52 votes)

Digər maraqlı məqalələrimiz

loading...

3 comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: