Azərbaycan dilində vurğu

Vurğunun 3 növü var: heca vurğusu, məntiqi vurğu, həyəcanlı vurğu.

Heca vurğusu

Sözdə hecalardan birinin qalanlarına nisbətən daha qüvvətli tələffüz edilməsi vurğu adlanır. Üzərinə vurğu düşən heca isə vurğulu heca adlanır.

Sözdə vurğunun yerini müəyyən etmək üçün sözü hecalara ayırmadan vurğunu əvvəl birinci, sonra ikinci, daha sonra isə üçüncü hecanın üzərində demək lazımdır.

Azərbaycan dili iltisaqi dil olduğu üçün şəkilçilər sözün son hecasına artırılır və söz şəkilçi qəbul edərkən vurğu şəkilçinin üzərinə keçir. Bunun üçün də Azərbaycan dilinin vurğusu keçici sabit vurğu hesab olunur:

Dilimizdə bir sıra şəkilçilər vardır ki, onlar sözə qoşularkən vurğu qəbul etmir. Bu şəkilçilərin bir qismi omonim şəkilçilərdir. Sözdə vurğu qəbul etməyən şəkilçi varsa, vurğu ondan əvvəki hecanın üzərinə düşür:

  1. İsimdəki şəxs şəkilçisi vurğu qəbul etmir:
    tələbə́yəm – tələbə́yik
    tələbə́sən  – tələbə́siniz
    tələbə́dir – tələbə́dirlər
    Lakin -dır4 şəkilçisi təsirsiz feldən təsirli felə (söndür, yandır) və icbar növ (baxdır, yazdır) düzəldərkən vurğu qəbul edir. Bu zaman o, leksik şəkilçi olur.
  2. -in4 şəkilçisi aşağıdakı hallarda vurğu qəbul edir:
    • mənsubiyyət şəkilçisi kimi: sənin qələmín, sənin stolún.
    • yiyəlik hal şəkilçisi kimi: Könülǘn, müəllimín.
    • leksik şəkilçi kimi: biçín, səpín.

    -in4 əmr şəklinin II şəxs cəmi kimi işləndikdə vurğu qəbul etmir: gə́lin, báxın, yátın.

  3. -sa2 şərt şəkilçisi kimi fel kökünə və ya başlanğıc formasına artırılan zaman vurğu qəbul edir: baxsá, otursá, yazsá.
  4. İdi, imiş, isə hissəciklərinin qısaldılmış formaları fellərə və ya adlara qoşularaq vurğu qəbul etmir:
    deyə́rdi – deyə́rmiş – baxmalı́yamsa
    şagírddi – şagírdmiş – alı́ramsa
    baxası́ydı – baxası́ymış – şagírddirsə
  5. Felin zaman və şəkil əlamətlərindən sonra gələn şəxs şəkilçiləri, bir qayda olaraq, vurğu qəbul etmir: gedəcə́yəm, baxmı́şam, gələsídir.
  6. – la2 şəkilçisi:
    • isimlərdən fel düzəldərkən vurğu qəbul edir: gözlə́, dişlə́, izlə́.
    • -la2 şəkilçisi zərf düzəldən zaman vurğu qəbul etmir: məharə́tlə, ümídlə, gǘclə.
    • ilə qoşmasının şəkilçiləşmiş forması kimi isimlərə və isimləşmiş nitq hissələrinə qoşularaq birgəlik və vasitə mənası düzəldərkən vurğu qəbul etmir: addı́mla, fərə́hlə, gö́zlə.
  7. Şühudi keçmiş zaman, əmr, şərt şəkillərindən sonra III şəxsin cəmini bildirən -lar2 şəkilçisi vurğu qəbul edir: baxdılár, yazsınlár, gəlsələ́r.
  8. -ma2 şəkilçisi:
    • feldən isim düzəldən şəkilci kimi işləndikdə vurğu qəbul edir: dondurmá, bağlamá, qazmá, yozmá, tutmá.
    • fellərdə inkar şəkilçisi kimi işləndikdə vurğu qəbul etmir: báxma, dondúrma, vúrma.
  9. Vurğu qəbul etməyən şəkilçidən sonra vurğu qəbul edən şəkilçi işləndikdə də vurğu yerini dəyişmir: yázmamışam, oxúmadım.
  10. Qeyri-qəti gələcək zamanın inkarında vurğu -m inkar şəkilçisi olan hecaya düşür: baxáram – baxmáram, gələ́rəm – gəlmə́zsən, gəlmə́rəm.
  11. -ca2 şəkilçisi:
    • zərf düzəldən şəkilçi kimi işləndikdə vurğulu olur: astacá, xəlvətcə́, sakitcə́.
    • sifətin çoxaltma dərəcəsinin əlaməti kimi işləndikdə vurğulu olur: körpəcə́, xırdacá.
    • qoşma və modal sözün əlaməti kimi işləndikdə vurğu qəbul etmir: sə́ncə, zənnímcə, dəryáca.
    • “rúsca”, “tǘrkcə” tipli sözlərdə bu şəkilçi vurğu qəbul etmir.
  12. Feli bağlama şəkilçisi -madan2 vurğu qəbul etmir: istə́mədən, báxmadan, gö́rmədən.
  13. -arkən2 feli bağlama şəkilçinin II hecası vurğu qəbul etmir: satárkən, alárkən.
  14. Soyad düzəldən -ov, -yev, -ova, -yeva şəkilçiləri vurğu qəbul etmir: Həsə́nov, Mustafáyev, Əsə́dov, Murádova.
  15. -lar2 şəkilçisi:
    • ismin cəm şəkilçisi kimi işləndikdə vurğu qəbul edir: qələmlə́r, vərəqlə́r.
    • felin şəxs-kəmiyyət şəkilçisi kimi işləndikdə, bir qayda olaraq, vurğu qəbul etmir: yazası́dırlar, baxı́rlar, gəlməlídirlər.
    • şühudi keçmiş zamanda, əmr və şərt şəkillərində -lar2 şəkilçisi vurğu qəbul edir: gəldilə́r, getsinlə́r, getsələ́r.
  16. Zərf düzəldən -casına2 şəkilçisi vurğu qəbul etmir: mehribáncasına, mə́rdcəsinə, qorxáqcasına.
  17. -dək, -can şəkilçiləşmiş qoşmaları sözə qoşularaq vurğu qəbul etmir: evə́dək, səhərə́cən, məktəbə́cən, məktəbə́dək.
  18. -mı şəkilçiləşmiş sual ədatı vuğu qəbul etmir: baxı́mmı? gəzdínmi? gördǘnmü?
  19. Sifətin çoxaltma dərəcəsinin yaranmasında iştirak edən m, p, r, s ünsürlərini qəbul edən sözlərdə vurğu birinci hecaya düşür: sápsarı, gö́mgöy, qósqoca, tə́rtəmiz.
  20. Xitablarda vurğu bir vahid əvvələ keçə bilir: Kö́nül, sən də gedirsən? Ülvíyyə, kitabları götür.

Məntiqi vurğu.

Cümlədə xüsusi məna çalarlığını ifadə etmək məqsədilə cümlə daxilində sözlərdən birinin digərinə nisbətən qüvvətli tələffüzünə məntiqi vurğu deyilir.

Məntiqi vurğunun məqsədi sözün, ifadənin mənasını xüsusiləşdirmək, onu xüsusi nəzərə çarpıdmaqdır:

Bacım dünən bizə gəldi. – Bacım dünən bizə gəldi.
Bacım dünən bizə gəldi. – Bacım dünən bizə gəldi.

Məntiqi vuğulu söz cümlənin müxtəlif yerlərində işlənə bilər, ancaq çox vaxt məntiqi vuğulu söz xəbərdən əvvəl işlənir.

Həyəcanlı vurğu.

Hiss və həyacanın ifadəsi üçün cümlədə sözün, ifadənin qeyri-adi şəkildə tələffüzünə həyəcanlı vurğu deyilir. Həyəcanlı vurğu danışıq zamanı yaranan müxtəlif emosional vəziyyətləri ifadə edir. Daha çox nida cümlələrində özünü qabarıq göstərir: İşə bax! Haqlıykən olmuşam nahaq!

Azərbaycan dilindəki sözlərdə vurğu, əsasən, axırıncı hecanın üzərinə düşür, məsələn: məktə́b, qüvvə́t, Nadír, cəsarə́t və s. Ancaq istisna haldır ki, báyaq, dǘnən, bíldir,níyə, nécə, sánki, áncaq və s. kimi milli sözlərdə, eləcə də çoxaltma dərəcəsində olan sifətlərdə (gö́mgöy, qı́pqırmızı, yámyaşıl və s.) vurğu ilk hecanın üzərinə düşür. Dilimizə başqa dillərdən keçən bir çox sözlərdə vurğu əvvəlinci hecaların üzərinə düşür: ópera, káfedra, tráktor, kósmos, Amérika və s.

Dilimizdəki bəzi sözlərdə uzun tələffüz olunan saitlər vardır: Aqíl, Sabír, laqéyd, hakím, memár, məná, şölə́ və s. Bu cür sözlərin hamısında vurğu sonuncu hecaya düşür. Deməli, saitin uzun tələffüz olunması heç də o demək deyil ki, həmin heca vurğulu olmalıdır. Nadir hallarda isə uzun saitli heca ilə vurğulu heca üst-üstə düşür: sónra [so:ra], bə́zi [bə:zi] və s.

Bəyəndinizsə paylaşın:Share on Facebook3Share on Google+0Tweet about this on TwitterShare on VKShare on LinkedIn0
Bəyənmə sayı: 13 Çapa göndərmək Çapa göndərmək
loading...
по информации Chel.Pro

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir